31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Cəfər Cəfərovun
TƏBRİKİ
Hörmətli professor-müəllim heyəti və universitetimizin əməkdaşları!
Əziz tələbələr!
Artıq 2021-ci il başa çatır. Ötən ilə nəzər saldıqda onun həm ölkəmiz, həm də Azərbaycan Dövlət Pedaqoji Universitetinin çoxsaylı kollektivi üçün məhsuldar və əlamətdar olduğunu söyləmək olar. Belə ki, bir il əvvəl böyük Zəfərlə qayıtdığımız doğma Qarabağımızda bu il yenidənqurma işlərinin yüksək sürətlə həyata keçirilməsinə başlanıldı və bərpa prosesi durmadan, uğurla aparılır. Azərbaycan Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağın səma qapısı olan Füzuli Beynəlxalq Hava Limanı və Şuşaya qədər uzanan “Zəfər yolu” artıq istifadəyə verilib. Azərbaycanın mədəniyyət beşiyi olan qədim Şuşa yenidən dirçəlir və öz tarixi missiyasını davam etdirir, digər rayonlarda quruculuq işləri vüsət alır.
2021-ci ildə eyni zamanda ölkəmizin ilk anadilli ali təhsil ocağı - Azərbaycan Dövlət Pedaqoji Universitetinin yaradılmasının 100 illiyi tamam oldu. 1921-ci ildə cəmi 8 müəllim 6 tələbə ilə fəaliyyətə başlayan ADPU bu gün iyirmi minə yaxın tələbəsi, ölkənin beş regionunda filialları olan respublikanın ən böyük və şəbəkələşmiş ali təhsil müəssisələrindəndir. 100 il ərzində universitetimiz Azərbaycan və digər ölkələr üçün 160 min nəfərdən çox ixtisaslı elmi-pedaqoji kadr hazırlamışdır.
Bu möhtəşəm təhsil bayramı münasibətilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı “Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamına əsasən il boyu ölkə miqyasında silsilə tədbirlər keçirildi. 2021-ci il dekabrın 17-də Heydər Əliyev Mərkəzində təşkil olunan təntənəli yubiley mərasimi isə bu tədbirlərin zirvəsi oldu.
Qürurverici haldır ki, Prezident İlham Əliyevin sərəncamları ilə təhsilin inkişafındakı xidmətlərinə görə Pedaqoji Universitetin bir qrup əməkdaşı orden və medallarla təltif edildi, “Əməkdar müəllim” fəxri adına, Prezidentin fərdi təqaüdünə layiq görüldü. Ümumilikdə 53 nəfəri əhatə edən bu sərəncamlar bizim doğma Universitetin fəaliyyətinə verilən yüksək qiymətin göstəricisidir. Fürsətdən istifadə edərək, böyük kollektivimiz adından cənab Prezidentə qayğı və diqqətinə görə bir daha dərin minnətdarlığımızı bildiririk.
Eyni zamanda Azərbaycan Respublikasının təhsil naziri cənab Emin Əmrullayevin əmri ilə ADPU-nun 87 əməkdaşı “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı, 79 əməkdaşı isə “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı” ilə təltif edilmişdir. Belə əlamətdar gündə kollektivimizin üzvlərinin əməyini qiymətləndirdiyinə görə cənab nazirə də ADPU-nun çoxminli əməkdaşlarının təşəkkürünü çatdırır və yubiley münasibətilə yüksək dövlət təltiflərinə layiq görülmüş bütün təhsil işçilərini bir daha təbrik edirik.
ADPU növbəti ilə və fəaliyyətinin yeni əsrinə böyük hədəflərlə qədəm qoyur. Ölkəmiz üçün dövrün tələblərinə uyğun yüksəksəviyyəli mütəxəssislərin yetişdirilməsi universitetimizin şərəfli missiyasında əsas yer tutur.
Hörmətli həmkarlar! Əziz tələbələr!
Daim yadda saxlamalıyıq ki, dövlətimizin bütün nailiyyətlərinin əsasında xalqımızın gərgin əməyi, əzmkarlığı və möhkəm birliyi durur. Məhz Prezident İlham Əliyevin liderliyi ilə bütün həmvətənlərimizin “dəmir yumruq” kimi sıx birləşərək gücü eyni hədəfə vurması Azərbaycanın iqtisadi və hərbi qüdrətinin artırılması ilə yanaşı, haqq səsinin beynəlxalq aləmə çatdırılmasına, erməni təcavüzkarlarının geniş ifşa olunmasına və beləliklə, şanlı Zəfərin qazanılmasına yol açdı. Buna görə də qarşıda duran mühüm vəzifələrin uğurla yerinə yetirilməsi üçün hər birimiz azərbaycançılıq ideyaları ətrafında bundan sonra da səfərbər olmalı, həmrəylik nümayiş etdirməli, Vətən naminə bütün işlərdə, o cümlədən elm və təhsildə əlimizdən gələni əsirgəməməliyik.
Əziz həmkarlar və tələbələr!
Sizi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, elmi-pedaqoji fəaliyyətinizdə, təhsildə və şəxsi həyatınızda nailiyyətlər, möhkəm cansağlığı arzulayıram.
Bayramınız mübarək!